Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu
Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (ing. Entrepreneurship Development Fund of the Republic of Azerbaijan) — sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi və təşviq edilməsi istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond ölkədə sahibkarlığın inkişafına dəstək verməklə qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixracyönümlü və idxalı əvəzedən məhsul istehsalının artırılmasına, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi ilə iqtisadiyyatda özəl sektorun payının daha da artırılmasına xidmət edir.
== Tarixi ==
12 oktyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 269 nömrəli Fərmanına əsasən "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Əsasnamə"sinin təsdiq edilməsi ilə dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk maliyyə qurumunun əsası qoyuldu.
1993-cü ilin fevralından Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin xüsusi struktur bölməsi kimi yaradılan Sahibkarlığa Kömək Milli Fondu fəaliyyətə başlamışdır.
27 avqust 2002-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştli kreditlərin istifadəsində yaranmış problemlərin aradan qaldırılması, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Ümummilli lider Heydər Əliyevin 779 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə"nin və ’’Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları’nın təsdiq edilməsi ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizmi yenidən qurulmuş və bununla da, Fond daha aktiv fəaliyyət fazasına daxil olmuşdur.
31 iyul 2018-ci ildə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilmişdir.
11 oktyabr 2021-ci ildə Prezident İlham Əliyevin "Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" publik hüquqi şəxs yaradılıb. Fond Sahibkarlığın İnkişafı Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir.
== Əsas vəzifələri ==
Fond Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi ilə müəyyən edilmiş bir sıra vəzifələri həyata keçirir:
Fondun vəsaiti hesabına Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirmək;
Fonda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitdən səmərəli və təyinatı üzrə istifadəni təmin etmək;
Fonda təqdim olunan investisiya layihələrinin ekspertizasını həyata keçirmək;
Sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək;
Sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahəvi və regional proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
Fonda təqdim olunan investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək;
Kreditlərdən öz təyinatına uyğun istifadə olunmasına nəzarət etmək məqsədilə monitorinqlərin keçirilməsi qaydasını müəyyən etmək;
Sahibkarlıq subyektlərinə zəruri hüquqi, iqtisadi və digər məlumatların toplanmasında və yayılmasında, bazar konyunkturunun öyrənilməsində, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında kömək etmək;
İqtisadiyyatın sahələri üzrə beynəlxalq təcrübəni öyrənmək, müvafiq təhlil və araşdırmalar aparmaq;
Sahibkarlıq subyektləri üçün zəruri elmi-texniki biliklərin və yeniliklərin təbliğinə kömək etmək;
Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.